❗️Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) fevralın 11-də “Nardaran hadisələri” zamanı həbs edilən şəxslərin işi üzrə qərarında onlara qarşı hüquq pozuntusunu tanıyıb.
“Bağırov və başqaları Azərbaycana qarşı” işində ərizəçilər – “Müsəlman Birliyi” hərəkatının sədri Tale Bağırov, Zülfüqar Mikayılov və Elman Ağayev məhkəməyəqədər həbs müddəti dövründə hüquqlarının pozulduğunu iddia edirdilər.
İşin hallarına əsasən, Tale Bağırov və Zülfüqar Mikayılov 2015-ci il noyabrın 26-da, Elman Ağayev isə noyabrın 29-da ağır cinayət ittihamları ilə həbs edilib.
Daxili İşlər Nazirliyininin və Baş Prokurorluğunun birgə məlumatında ərizəçilər “dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə” “silahlı cinayətkar dəstə” yaratmaqda ittiham ediliblər.
Nəsimi və Nərimanov Rayon Məhkəmələri ərizəçilər barədə həbs qətimkan tədbiri seçib və daha sonra birinci instansiya məhkəmələri həbs qətimkan tədbirinin müddətlərini uzadıblar.
Avropa Məhkəməsi qeyd edir ki, yerli məhkəmələr həbs qətimkan tədbirini uzadarkən standart ifadələrdən istifadə edib və sadəcə olaraq ilkin həbs qətimkan tədbiri qərarlarında göstərilən həbs əsaslarını təkrarlayıblar.
Ərizəçilərin həbs müddətinin uzadılması üçün göstərilən səbəblərin yetərli və müvafiq olmadığını əsas gətirərək verdikləri apellyasiya şikayətləri, habelə zaminə və ya ev dustaqlığına buraxılmaları üçün verdikləri vəsatətlər də təmin edilməyib.
Həm birinci instansiya, həm də apellyasiya məhkəməsində dinləmələr zamanı ərizəçilər məhkəmə zallarında metal qəfəslərdə saxlanılıblar.
Ərizəçilər Avropa Məhkəməsi qarşısında şikayətlərində həbs müddətinin uzadılması ilə bağlı dinləmələr zamanı metal qəfəsdə saxlanılmaqla ləyaqəti alçaldan rəftara məruz qaldıqlarını, habelə məhkəməyəqədər həbsdə saxlanılma üçün yetərli və müvafiq səbəblər göstərilmədiyini iddia ediblər.
Bundan əlavə, Tale Bağırov dövlət orqanlarının məhkumluq olmadan yaydıqları birgə məlumatın onun təqsirsizlik prezumpsiyası hüququnu pozduğunu iddia edib.
Avropa Məhkəməsi fevralın 11-də elan etdiyi qərarında ərizəçilərə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncə, qeyr-insani və ləyaqəti alçaldan rəftarın qadağan olunması) və 5.3-cü (azadlıq və toxunulmazlıq hüququ) maddəsinin pozuntusunu tanıyıb.
Məhkəmə əvvəlki təcrübələrinə istinadən qeyd edib ki, şəxsin məhkəmə zalında metal qəfəsdə saxlanması özlüyündə insan ləyaqətinə zidd hərəkətdir və Konvensiyanın 3-cü maddəsinə zidd olaraq ləyaqəti alçaldır.
AİHM həmçinin yerli məhkəmələrin məhkəməyəqədər həbs müddətinin uzadılması üçün müvafiq və yetərli səbəblər göstərməməsi, zaminə buraxılma və ya ev dustaqlığı kimi alternativ tədbirləri tətbiq etməkdən imtina etməsini də Konvensiyanın pozuntusu kimi qiymətləndirib.
Məhkəmə Tale Bağırovun təqsirzlik prezumpsiyası ilə bağlı şikayətini isə gec müraciət edildiyini əsas gətirərək rədd edib.
Qərara əsasən, hökumət vəkilləri Cavad Cavadov, Rüstəm Zülfüqarov və Akif Əliyevin təmsil etdiyi ərizəçilərin hər birinə mənəvi zərərə görə 3900, xərclərə görə 500 avro kompensasiya ödəməli olacaq.
2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı ikisi polis olmaqla, altı nəfər həlak olub.
Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun əməliyyatla bağlı birgə məlumatında Tale Bağırov və digərləri “dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə” “silahlı cinayətkar dəstə” yaratmaqda ittiham ediliblər.
Əməliyyat zamanı Tale Bağırovla yanaşı daha 14 nəfər saxlanıldığı bildirilsə də, sonradan bu işlə əlaqədar onlarla şəxs saxlanılıb.
Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.
40-dan çox şəxs isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittiham edilərək 10 ildən 20 ilədək həbs cəzalarına məhkum ediliblər.