İki-üç gün olar İran Ermənistanla hərbi təlim keçirdi axı. Bu təlimin də kod adı "Sülh təlimləri" adlanırdı. Təlimlər sərhədboyu həm Ermənistan ərazisində, həm də İran ərazisində keçirilib. Ancaq sözümün canı bunda deyil. Sözüm biz tərəfin bu təlimlərə qoyduğu "addan" gedir. Güya İran təlimlərin adını "Ya Zəhra" adlandırıb. Birincisi təlim adı "Ya Zəhra" deyil, "Sülh təlimləri" adlanır. İkincisi İranlılar hər raket, top, silah atanda Ya Zəhra, Ya Əli, Ya Əbəlfəzl deyirlər. Yəni onlar bütün işlərində bu kimi şüarlardan istifadə edirlər. Buna görə təlimin adı "Ya Zəhra" olur? Yox əlbəttə ki... 2024-cü ilin noyabrında bizimlə də təlim keçəndə "Ya Zəhra" şüarları səsləndirirdilər, ancaq Təlimin adı "Araz-2024" idi. Onda bizim bu xəbər saytları bircə xəbər belə verdilərmi ki, Azərbaycan və İran təlimlərində əsgərlər "Ya Zəhra" şüarı səsləndiriblər. Mən bizim mediada belə bir xəbərə rast gəlmədim. Elə belə səthi bir-iki xəbər vermişdilər vəssalam.
İndi adam özündən hoqqa çıxartmaz. Bu şüarı əldə bayraq tutub manipulyasiya etməz. İran ermənilərdən əvvəl həmin şüarlarla bizimlə təlimlər keçirib, ancaq bu haqda heç bir söz demədik, əksinə var gücümüzlə təkzib etdik ki, Azərbaycan əsgəri orda "Ya Zəhra" şüarı işlətməyib. Yəni bu şüarın bizə aidiyyəti yoxdur və bu şüarı bizə yad şüar kimi tanıtdınız. İndi də İran özü bilər, bu şüarla təlim keçər, ya keçirməz. Bizdən fərqli olaraq, bu şüar İranda rəsmi şəkildə səslənir. Onlar bu şüar altında dövlət qurublar və bu şüarı onlardan başqa dövlət səviyyəsində təbliğ edən yoxdur. Əgər bu "Ya Zəhra", "Ya Əli", "Ya Əbəlfəzl" şüarlarının İran tərəfindən səsləndirməsini qısqanırıqsa, onda biz də rəsmi şəkildə həmin şüarları təlimlərimizdə səsləndirək. "Ya Zəhra" kimi şüarlar təkcə İranın dədəsinə məxsus deyil ki, bütün bəşəriyyət üçündür. Görüm, hələ səsləndirə bilirikmi?
© Afiq Əli